Narkomanlıqla mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir

Narkomanlıq narkotik zəhərlərdən psixi asılılıq yaradan xəstəlikdir. Bu xəstəliyə tutulmuş şəxslər özlərini tamamilə cəmiyyətdən təcrid edirlər. Bunun növbəti fəsadlarını artıq geniş şərh etməyə ehtiyac yoxdur.  Narkomanlıq  narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələrdə problemlərin yaşanmasına səbəb olur.  Bu böyük bəla ilə hər bir qurum  öz sahəsində bütün vasitələrdən  istifadə etməklə mübarizə aparmalıdır. İstər maarifləndirmə, istərsə də inzibati qaydada mütəmadi tədbirlər görülməlidir. Çünki bu ağır xəstəlik cəmiyyətin məhvinə yönəlmişdir.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu bəlaya qarşı mübarizə birgə səylərin göstərilməsini tələb etdiyindən narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib.  Dövlətlər insanları ölümə aparan bu bəlaya istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniyaya düçar olanların sayı ilbəil artmaqdadır.

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bu Fərmanda ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.  Həmin Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlandı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldı, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Qanun qəbul olundu.

Ulu öndər Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin narkomaniyaya qarşı mübarizə tədbirlərinin davamlılığını təmin etmək üçün təsdiqlədiyi Dövlət proqramları bu sahədə mühüm əhəmiyyət kəsb edir.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram ((2007-2012-ci illər)”, eyni zamanda, bu sənədin davamı olaraq “2013-2018-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərildi və əldə olunan nəticələr növbəti sənədin qəbulunu zərurətə çevirdi.  Belə ki, dövlət başçısı İlham Əliyevin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiqlənən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı»nda qeyd edilir ki, aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri etmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Həmin problemin vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür və həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlər törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın  məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Qeyd olunduğu kimi, narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Bu məqsədlə paytaxtın orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında mütəmadi maarifləndirmə tədbirləri təşkil edilir.

"Narkomanlıq əsrimizin bəlasıdır”, “Gənclər narkotikə yox deyir!” və s. kimi mövzular gənclərimizin sağlamlığının prioriteliyini özünəd ehtiva edir. Təbliğat formalarından biri də mövzuya dair videoçarxların təqdimatıdır.

Təbliğat işində kiçik dövlət kimi dəyərləndirilən ailələrin də rolunu xüsusi qeyd etməliyik. Valideynlər bu bəlanın fəsadlarını uşaqlara çatdırmalı, ətraflarında belə gənclər varsa onların təsir dairələrinə düşməməklə yanaşı, sağlam həyata qayıtmalarına dəstək olmalıdırlar.  Bu gün valideynlərin necə davranması və uşaqları üçün hansı təsirə malik olması, sabah həmin uşaqların gələcəyi üçün əsasdır. Demək, gələcəyimiz öz əllərimizdədir. Gələcəyimizə bu gündən sahib çıxmağa başlayaq və narkomaniyaya birlikdə yox deyək!

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan rayonların hər birində narkomanlığın cəmiyyətə zərərinə dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Bu kimi tədbirlərin təşkilində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin və Bakı Şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir.

Rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  komissiyalar dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi  «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı»ndan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərir və atılan addımlar davamlı xarakter daşıyır.

Bu baxımdan deyə bilərik ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Dövlət başçısı İlham Əliyevin fevralın 2-də  Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda söylədiyi “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik” fikirləri Azərbaycan gəncliyinə böyük inamın, etimadın təsdiqidir.

Könül Əfəndiyeva,
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə  Komissiyanın katibi




Baxılıb: 2256