Bəşəriyyəti əsarətinə alan bəla

Bütün dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə sayılan narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi bəşəriyyəti öz əsarətinə alıb. Narkomaniyanı  “ağ ölüm” də  adlandırırlar, lakin bəşəriyyətin böyük bəlasının nə cür adlandırılmasından asılı olmayaraq, onun insanlığa vurduğu saysız-hesabsız ziyanın həcmi heç bir ölçü vahidi ilə ölçülə bilmir.

Narkotiklə mübarizə bütün dünyada olduğu kimi, Azərbaycanda da insanları düşündürən ən aktual məsələlərdən biridir. Hazırda aidiyyəti dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı  mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” icra olunmaqdadır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2021-ci il ərzində rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə daha da gücləndirilmişdir. Bu məqsədlə Şəki Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və idman idarəsinin, şəhər-rayon Polis şöbəsinin, Təhsil şöbəsinin, Şəki Dövlət Regional Kollecinin, Şəki Regional Mədəniyyət İdarəsinin, YAP Şəki şəhər təşkilatınını Gənclər Birliyinin, QHT-lərin və digər aidiyyəti orqanların tədbirlər planına uyğun olaraq COVID-19 qlobal pandemiyası ilə bağlı ölkə ərazisində elan olunmuş xüsusi karantik rejiminin qaydalarına riayət olunmaqla müxtəlif mövzularda onlayn formatda və ənənəvi üsullarla tədbirlər keçirilmişdir. Şəki şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin psixoloqlarının, direktor müavinlərinin, yuxarı sinif şagirdlərinin və valideyn komitələrinin sədrlərinin iştirak etdiyi həmin tədbirlərdə, mühazirələr oxunmuş, narkomaniyanın, tütün, alkoqol və digər psixoaktiv maddələrin istifadəsinin ağır və dönülməz fəsadları haqqında mütəxəssislər, hüquq-mühafizə orqanlarının rəhbərləri və Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbələrinin əməkdaşları tərəfindən ətraflı məlumatlar verilmişdir.

Bundan başqa, Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yüksək vəzifəli şəxsləri tərəfindən Şəki şəhərində fəlaiyyət göstərən ümumitəhsil müəssisələri, orta ixtisas və ali təhsil müəssisələrinin müvafiq olaraq şagird və tələbələri ilə görüş-təlim keçirilmişdir. Həmin tədbirlərdə narkomaniyanın ölkə miqyasında törətdiyi fəsadlardan bəhs edilmiş, təlimdə iştirak edənlərə narkomaniya və narkotik vasitələrdən necə qorunmaq, risk qrupuna aid olan şəxslərin müəyyən edilərək hansı tədbirlərin görülməli olduğu barədə ətraflı məlumatlar verilmişdir.

Narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə rayonun ümumtəhsil məktəblərində həyata keçirilən tədbirlər aidiyyəti dövlət orqanlarının rəsmi sosial şəkəbə hesablarında dərc edilmişdir.

Narkomaniyaya qarşı mübarizədə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə narkoloji kabinet fəaliyyət göstərir. Narkoloji kabinet tərəfindən narkotik vasitələrdən istifadə edənlərin qeydiyyatı aparılır və həmin şəxslər mütəmadi olaraq müayinə olunaraq xəstəlikdən azad olunmaq üçün daim profilaktik tədbirlər həyata keçirilir.

2021-ci il ərzində Şəki rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 50 cinayət hadisəsi qeydə alınmışdır. Həmin faktlardan 12-si narkotiklərin qanunsuz satışı, qalan 38-i isə saxlama ilə əlaqədar olmuşdur.

2021-ci ilin 12 ayı ərzində “Xaş-xaş-2019” şərti adlı tədbirlər planının icrası ilə əlaqədar olaraq Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən müvafiq əməliyyat tədbirləri keçirilmişdir. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 fakt üzrə ümumilikdə 26036 ədəd olmaqla, 2 ton 132 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılaraq yandırılıb məhv edilmişdir.

Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində müsadirə olunaraq götürülmüş, dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi çəkisi 10 kq 659 qram təşkil etmişdir. Onlardan 10 kq 447,2 qramı marixuana, 4,8 qramı heroin, 202,8 qramı tiryək və 4,2 qramı metamfetamindir.

Narkotik maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə sahəsində dövlət orqanlarının qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etməsi, qarşılıqlı əlaqəli işləməsi təqdirəlayiq hesab edilməlidir. Narkomaniya  bəşəriyyətin mübarizə apardığı arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın və mənəviyyatın qənimidir. Ona görə də  hər kəs insanlığa bəla olan bu problemlə mübarizədə fəal olmalıdır.

Həsən Həsənov,
Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Baxılıb: 1718