Abşeron rayonunda narkomanlıqla mübarizəyə dair tamaşa nümayiş olunub

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində Abşeron rayon Mədəniyyət Evində “Həyatla oyun” tamaşası nümayiş etdirilib.

  Gənclər arasında antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə Bakı Uşaq və Gənclər Teatrının aktyorlarının ifasında canlandırılan və əsasən maarifləndirmə məqsədi daşıyan tamaşada narkotik vasitələrdən sui-istifadənin fəsadları, narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub. Ssenaridə əsasən, kiçik yaşlarında övladlarının təlim-tərbiyəsinə laqeyd qalan valideynlər və uşaqların zərərli vərdişlərə qarşı maarifləndirilməməsi qabardılıb.

  Tamaşa gənclərin marağına səbəb olub və alqışlarla qarşılanıb.




Baxılıb: 774