Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edildi

   2022-ci il mayın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.

  Tədbirdə cari ilin yanvar-aprel ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

  Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin əhəmiyyəti ciddi şəkildə artmış, institusional sistemin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, problemlə mübarizənin gücləndirilməsi, cəza tədbirlərinin səmərəliliyinin artırılması və eyni zamanda narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə icbari narkoloji müayinələrin keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş, dövlətin, vətəndaş cəmiyyəti təşkilatlarının və kütləvi informasiya vasitələrinin səylərinin birləşdirilməsi istiqamətində aparılan işlərin səmərəliliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

  Bununla yanaşı Komissiyanın sədri ölkə ərazisində hüquq mühafizə orqanları tərəfindən 2022-ci ilin yanvar-aprel ayları ərzində  3961 cinayət faktı üzrə 2 ton 492 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin  və  psixotrop  maddələrin qanunsuz  dövriyyədən çıxarılması, müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 829 kq kiloqramıölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 2353  nəfər nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 36  nəfərinin xarici ölkə vətəndaşı olması, ümumilikdə hesabat dövründə müsadirə olunan narkotik vasitələrin dəyərinin 78 milyon AZN kimi qiymətləndirilməsi barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

  Daha sonra son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması, ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatınsistemli şəkildəmüasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, televiziya kanallarının və sosial şəbəkələrin imkanlarından istifadə edilərək müvafiq işlərin görülməsininvacibliyi vurğulanmışdır.

  Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov cari ilin yanvarr-aprel ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edilən təşəbbüsləri dəstəkləyərək, narkomanlığa qarşı mübarizənin maarifləndirmə yolu ilə də aparılmasının əhəmiyyətini nəzərə alaraq kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış etmişlər.

  Görüşün yekunu olaraq, tanınmış ictimai, incəsənət və idman ustalarının iştirakı ilə mövzuya həsr olunmuş təbliğat xarakterli kütləvi tədbirin təşkil edilməsi,narkomanlığın yayılma dərəcəsinin və miqyasının dəqiqləşdirilməsi məqsədilə sosial araşdırmaların aparılması, effektiv və təsirli yeni sosial çarxların hazırlanaraq kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına, ailə dəyərlərinə zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin təşkil edilməsinin davam etdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.




Baxılıb: 944