Nizami rayonunda “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya keçirilib.

   26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədarNarkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yeniyetmə-gənclərin iştirakı ilə “Sağlam həyat tərzini seçirik, narkomaniyaya yox deyirik” adlı maarifləndirici aksiya keçirilib.

   Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Nizami Rayon İcra Hakimiyyətinin, Nizami Rayon Gənclər və İdman İdarəsinin, Keşlə bələdiyyəsinin, Nizami Rayon Polis İdarəsinin əməkdaşları,o cümlədən rayonun fəal gəncləri və rayon könüllülər iştirak ediblər.

  Görüşdə narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına,  mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Aksiya çərçivəsində rayonun yaşayış ərazisində müxtəlif ünvanlarda, parklarda, dayanacaqlarda, metro çıxışlarında sakinlərlə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib, narkomaniya barədə maarifləndirici söhbətlər aparılıb eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.




Baxılıb: 874