“Milli–mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” mövzusunda tədbir keçirilib

 Gənclər arasında antinarkotik təbliğatın daha da gücləndirilməsi, eyni zamanda bu sahə üzrə qəbul edilən Dövlət Proqramının icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin imzaladığı birgə Tədbirlər Planı çərçivəsində iyulun 13-də YAP Mərkəzi Aparatı və Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” adlı tədbir keçirilib.

 YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan təşkilatın sədri Vüsar İsmayılov deyib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biri olmaqla bərabər, insanların sağlamlığına təhlükə yaradan, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən amildir. Qeyd olunub ki, bu bəşəri fəlakətin qarşısının alınmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mühüm əhəmiyyət daşıyır.

 Sonra tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin üzvü Səbinə Xasayeva, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı İmran Babayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti aparatının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri Sevinc Süleymanova və digərləri bildiriblər ki, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqe Azərbaycanın bugünkü münasibətini xarakterizə edir. Ölkəmizdə bununla bağlı müvafiq dövlət proqramları çərçivəsində ardıcıl siyasət, zəruri tədbirlər, o cümlədən maarifləndirmə işləri həyata keçirilir. Eləcə də, gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanaraq onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.

 Çıxışlarda qeyd edilib ki, cəmiyyətin sağlamlığı ölkənin gələcəyi üçün müstəsna önəm kəsb edir. Bu baxımdan gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə böyük önəm kəsb edir. Ölkəmizin gələcək taleyi onun gənclərindən asılıdır. Məhz bu baxımdan, adət-ənənələrimizə, milli dəyərlərimizə, soykökünə bağlı, sağlam düşüncəli şəxsiyyətin formalaşması önəmlidir. Zərərli vərdişlərə qarşı mübarizədə, cəmiyyətdə mənfi meyllərin aradan qaldırılmasında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi, mədəniyyətimizi ucaldan milli-mənəvi və əxlaqi dəyərlərin rolunun böyük olduğu diqqətə çatdırılıb.

 Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s.) paylanılıb.  




Baxılıb: 2107