“Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” adlı sərbəst güləş üzrə turnir keçirilib

  Sentyabrın 29-da Şağan Olimpiya İdman Kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Xəzər rayon təşkilatının və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç” devizli yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.

  Tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov və Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirləri də məhz bu məqsədə xidmət edir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

  Qeyd olunub ki, Xəzər rayonunda keçirilən sərbəst güləş üzrə idman turnirində 9 çəki üzrə 100-ə yaxın gənc iştirak edir.

  Daha sonra final oyunlarına start verilib. Maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri müəyyənləşib. Sonda turnirin müxtəlif çəki üzrə I, II, və III yerlərinin qalibləri mükafatlandırılıb.

  Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.




Baxılıb: 2544