2022-ci ilin 10 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2022-ci ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9564 cinayət faktıaşkarlanmışdır. Onlardan 3181-i narkotik vasitələrin qanunsuz satışı,5902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 062 kq 984,171 qr və 32918 həb narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin  2 ton 013 kq 364,252 qr-nı heroin, 1 ton 858 kq 236,599 qr-nı marixuana, 280 kq 269,535 qr-nı tiryək, 28 kq 010,544 qr-nı həşiş, 260,95 qr-nı kokain, 143 kq 153,193 qr-nı və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kq 689,098 qr və 2514 ədəd psixotrop maddə təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 808,8 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 80096 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

  Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran İslam Respublikası, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan,  2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

  2022-ci ilin 10 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 580 kq 051,668 qr və 35540 ədəd həb, 2048 ədəd  kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

  Ümumilikdə, aşkar edilmiş cinayətlərin 324-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 870 kq 056,294 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilmişdir.

  Təhlil göstərir ki, 2021-ci ilin 10 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2080, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 394, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1672, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt,qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 47 fakt,  məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1821 nəfər artmışdır.

  Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 349 kq 643,829 qr, qrup halında olan cinayətlərin sayı 5 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 7 fakt azalmışdır.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı     34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

  Hesabat dövründə 695 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika    QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10065 nəfər qeydiyyata götürülmüşdür (9737-si Azərbaycan vətəndaşı, 328-i əcnəbi). İİV-ə yoluxanların 7171-i kişi, 2894-ü qadındır. Onlardan 3551-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2494 nəfəri hazırda dispanser qeydiyyatındadır.

  2022-ci ilin 10 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 700 pasiyentdən 88 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

  Cari ilin 10 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə  203 tədbir (şəhər, rayon komissiyaları ilə 47 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 86 maarifləndirmə tədbiri, 4 ümumitəhsil məktəblərinin şagirdləri ilə seminar, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, 4 idman növü üzrə turnir və 4 fləşmob) təşkil edilmişdir.

  Hesabat dövrü ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1792 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 222-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 721-i narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara  943  məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 




Baxılıb: 541