2022-ci ilin 11 ayı ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

   2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanmışdır. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kq 377,662 qr və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin    2 ton 076 kq 309,233 qr-nı heroin, 1 ton 955 kq 405,929 qr-nı marixuana, 281 kq 525,188 qr-nı tiryək, 28 kq 462,344 qr-nı həşiş, 260,95 qr-nı kokain, 146 kq 743,573 qr-nı və 36427 ədəd həb digər narkotik vasitə və 763 kq 670,445 qr və 2514 ədəd psixotrop maddə təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində  1 kq 819 qr güclü təsir edən maddə, 10 kq 037,6 zəhərli maddə, 70 qr prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

    Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kq 377,662 qr narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 000 AZN  (107 milyon  340 000 ABŞ dolları) kimi qiymətləndirilir.

   Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran İslam Respublikası, 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 045 kq 484,880 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülmüşdür.

     2022-ci ilin 11 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kq 789,349 qr və 36427 ədəd metadon, 2514 ədəd  kapsul, 1470 qr MDA və 110 ml müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 363-ü qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 060 kq 652,194 qr və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

     Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kq 608,85 qr olan 381 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, 215 kq psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin  məhv edilməsi prosesi həyata keçirilmişdir.

    Təhlil göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artmışdır.

    Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kq  969,079 qr, qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı   6 fakt azalmışdır.

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

    Hesabat dövründə 731 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur, bunların 715-i Azərbaycan vətəndaşıdır. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülmüşdür (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi). İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

     2022-ci ilin 11 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 790 İİV-li pasiyentdən 96 nəfəri inyeksion narkotik istifadəçisi olmuşdur.

    Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülmüş, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

   Cari ilin 11 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 232 tədbir (şəhər,rayon komissiyaları ilə 57 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 98 təhsil müəssisəsində maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 57 təlim, 7 kütləvi-mədəni tədbir, mədəniyyət müəssisələrinin mütəxəssisləri  üçün 1 təlim,  idman növü üzrə 4 turnir  və 4 fləşmob) təşkil edilmişdir.

     Cari ilin yanvar-noyabr ayları ərzində  “802”  qaynar xətt  telefon zəng  xidmətinə 2009 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 252-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 776-sı narkotik asılılıqdan müalicə, 981-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur.

     Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1028 məktub ünvanlanmış və nəticə olaraq 776 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumatlar əsasında 187 fakt üzrə cinayət işi açılmış, 50 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt öz təsdiqini tapmamış, 15 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

     Eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə qaynar xətt zəng xidmətinə 1071 vətəndaş müraciəti çox daxil olmuşdur. Onlardan 63-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 502-si könüllü müalicə, 506-sı isə sifahi xarakterli müraciətlər ilə bağlı olmuşdur.

   “802 qaynar xətt” zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 




Baxılıb: 225