“Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövzusunda tədbir

 Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idmanda narkotik vasitələrlə və steroidlə mübarizəyə həsr olunmuş “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman” mövzusunda tədbir keçirib.

 Tədbirdə AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin (DİN), Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə əvvəlcə AMADA-nın hazırladığı narkotik asılılığı olan şəxslərdən alınan müsahibələrdən ibarət videoçarx nümayiş olunub.

 AMADA-nın direktoru Şəfəq Hüseynli tədbirdə çıxış edərək həm narkotik, həm də steroid probleminin aktuallığını vurğulayıb, Agentliyin bu sahədə gördüyü işlərlə bağlı məlumat verib.

 Bildirib ki, Azərbaycan Prezidentinin 2020-ci il 22 dekabr tarixli Sərəncamı ilə AMADA-nın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra bu istiqamətdə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il antinarkotik təbliğatı və maarifləndirmə məqsədilə idman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 174 maarifləndirmə seminarı keçirilib. Maarifləndirmə tədbirləri paytaxtla yanaşı, regionları da əhatə edib. Belə ki, Gənclər və İdman Nazirliyi və Elm və Təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində Yardımlı, Lerik, Cəlilabad, Masallı, Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz, Göygöl, Yevlax və Goranboy rayonlarında silsilə maarifləndirmə seminarları keçirilib. Hansı ki, bu tədbirlərdə 1300-dən artıq idmançı, məşqçi, həkim, və idman müəllimləri iştirak ediblər.

 Ş.Hüseynli bildirib ki, idmanda narkotik vasitələrdən və steroidlərdən istifadə dünyada da aktual problemdir. Belə ki, 2017-2022-ci illər ərzində qeydə alınan bütün dopinq istifadələrinin 63 faizi steroidlər və narkotiklərin istifadəsi ilə bağlıdır.

 Problemin Azərbaycan üçün nə qədər aktual olduğunu AMADA-nın fəaliyyəti dövründə aşkarladığı antidopinq qayda pozuntularının statistikası da göstərir. Belə ki, ölkədə aşkarlanan antidopinq qayda pozuntularının 43 faizi steroidlərin istifadəsi, 13 faizi isə narkotiklərin istifadəsi ilə bağlıdır.

 AMADA-nın direktoru Azərbaycanda bu sahədə vəziyyəti ətraflı təhlil etmək məqsədilə Agentlik tərəfindən genişmiqyaslı tədqiqat layihələrinin icra edildiyini vurğulayıb. Daha bir layihə isə bu il noyabrın 7-20-də keçirilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının istifadəsinin asılılığı olan şəxslər arasında yayılmasının səviyyəsini və buna münasibətin təhlili üzrə Sorğu” layihəsi Respublika Narkoloji Mərkəzdə müalicə alan asılılığı olan 195 şəxsin iştirakı ilə təşkil olunub.

 Layihənin nəticələri barədə geniş təqdimatla çıxış edən Ş.Hüseynli bildirib ki, həmin nəticələr bu istiqamətdə fəaliyyəti daha da təkmilləşdirməyə, xüsusən maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirməyə və narkotiklə mübarizə işini daha səmərəli təşkil etməyə imkan verir.

 Daha sonra tədbirdə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin seleksiya üzrə baş mütəxəssisi Selcan Qafarova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov və Dövlət Gömrük Komitəsinin Hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi Toğrul Şahbazov çıxış ediblər.

 Sonda isə mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.




Baxılıb: 117