Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbirlər davam etdirilir

Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu baxımdan dünya dövlətlərinin əksəriyyətinin gündəliyində duran əsas məsələlərdən biri  narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir.

Ölkəmiz də bu istiqamətdə gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində müvafiq təşkilati-hüquqi, institusional və zəruri əməli praktiki tədbirlər həyata keçirmişdir.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsini təmin edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması istiqamətində müsbət nəticələr əldə edilmişdir.

Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilərək bir sıra mühüm tədbirlər həyata keçirilmiş, narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi üçün müvafiq qanunvericiliyə dəyişikliklər edilmiş və “Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası” artıq təsdiq edilmişdir.

Sön dövrlər hüquq-mühafizə orqanları tərəfindən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür. Belə ki, təkcə 2019-2021-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən 18292 fakt üzrə ümumilikdə 14 ton 157 kq 430 qr müxtəlif növ narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılmışdır. Götürülmüş narkotik vasitələrin  8 ton 102 kiloqramını (57%) heroin təşkil etmişdir.

2022-ci ilin 11 ayı ərzində isə hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 10281 cinayət faktı aşkarlanıb. Onlardan 3367-si narkotik vasitələrin qanunsuz satışı, 6425-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 394-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 95-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 252 kiloqram 377,662 qram və 36427 ədəd narkotik vasitələrin və 2514 ədəd psixotrop maddələrin 2 ton 76 kiloqram 309,233 qramını heroin, 1 ton 955 kiloqram 405,929 qramını marixuana, 281 kiloqram 525,188 qramını tiryək, 28 kiloqram 462,344 qramını həşiş, 260,95 qramını kokain, 146 kiloqram 743,573 qramını və 36427 ədəd həb digər narkotik vasitə və 763 kiloqram 670,445 qram və 2514 ədəd psixotrop maddə təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 819 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 zəhərli maddə, 70 qram prekursor, 80142 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən götürülmüş 5 ton 252 kiloqram 377,662 qram narkotik vasitə və psixotrop maddə ümumilikdə dəyəri 182 milyon 478 min manat kimi qiymətləndirilir.

Məsuliyyətə cəlb edilmiş 87 xarici ölkə vətəndaşından 41-i İran, 9-u Gürcüstan, 12-si Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 18-i Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 45 kiloqram 484,880 qram və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 258 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 732 kiloqram 789,349 qram və 36427 ədəd metadon, 2514 ədəd kapsul, 1470 qram MDA və 110 millilitr müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə, aşkarlanmış cinayətlərin 363-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 60 kiloqram 652,194 qram və 9548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə mayın 5-6-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, 215 kiloqram psixotrop maddə və onların prekursorları və 28697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə ötən ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 2186, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 301, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1872, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 19 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 36 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1873 nəfər artıb.

Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 861 kiloqram 969,079 qram, qrup halında olan cinayətlərin sayı 32 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 6 fakt azalıb.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2021-ci il dekabrın 31-i tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid, 9752 nəfər isə kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaqda aidiyyəti nazirlik, komitə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək üçün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  802-“Qaynar xətt” - rabitə əlaqəsi fəaliyyət göstərməkdədir.

Yanvar-dekabr aylarında 802 qaynar xətt telefon zəng xidmətinə 2172 vətəndaş müraciəti daxil olub. Onların 272-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 821-i narkotik asılılıqdan müalicə, 1079-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub.

Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün operativ şəkildə aidiyyəti orqanlara 1096 məktub ünvanlanıb. Nəticə olaraq 821 nəfər narkotik asılılıqdan müalicə ilə əlaqədar ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vətəndaşlar tərəfindən verilən məlumat əsasında 178 fakt üzrə cinayət işi açılıb, 56 məlumat üzrə keçirilmiş tədbirlər nəticəsində fakt təsdiqini tapmayıb, 18 müraciət istiqamətində hazırda əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Qaynar xətt zəng xidmətinə 1042-dən çox müraciət daxil olub. Onlardan 68-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 462-si könüllü müalicə, 512-si isə şifahi xarakterli müraciətlər ilə bağlı olub.

Eyni zamanda, “802 - Qaynar xətt” zəng xidmətinə müraciət edən narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili sistemli xarakter daşımış, müvafiq dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsi təmin edilmişdir.

Belə ki, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi və təsirli metodlarla təşkili məqsədilə təsdiq olunmuş “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən müvafiq zəruri tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2022-ci ili əhatə edən birgə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, fləşmobların, müxtəlif həştaqlarla sosial aksiyaların, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, mədəni-kütləvi tədbirlərin, mövzuya dair dəyirmi masaların, rəsm sərgilərinin keçirilməsi və tədbirlərin televiziyada işıqlandırılması təmin edilmiş və hesabat dövründə ümumilikdə birgə 15 tədbir həyata keçirilmişdir.

Həmçinin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Gənclər Fondu arasında gənclər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə imzalanmış birgə Tədbirlər Planının icrası istiqamətində 2022-ci il ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı ümumilikdə 51 təlim keçirilmişdir.
O cümlədən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədi ilə imzalanmış birgə Tədbirlər Planına əsasən hesabat dövründə məktəb psixoloqları üçün təlimlər, ümumitəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlər, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlər keçirilmiş, üzərində narkomanlığın fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 27 ədəd sosial lövhə məktəblərdə quraşdırılmış, habelə maarifləndirmə funksiyasını yerinə yetirən Bakı Uşaq və Gənclər Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşasının canlı ifada ümumitəhsil məktəblərində nümayişi təşkil edilməklə ümumulikdə 98 tədbir həyata keçirilmişdir.

Bundan əlavə, cəzaçəkmə müəssisələrində antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, Penitensiar Xidmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilmiş, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılmış və  aidiyyəti qurumların əməkdaşları cəlb edilməklə ümumilikdə 14 tədbir keçirilmişdir. Eyni zamanda, tədbirlər çərçivəsində cəzaçəkmə müəssisələrinə zəruri təbliğat materialları təqdim edilmiş, o cümlədən cəzaçəkmə müəssisələrində üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan sosial lövhələrin quraşdırılması təmin edilmişdir.

Qeyd olunanlarla yanaşı, hesabat dövründə sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi istiqamətində Bakı Nəqliyyat Agentliyi vasitəsilə elektron məlumat tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi, maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda nümayişi təşkil edilmişdir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə SMS maarifləndirmə layihəsi çərçivəsində ümumilikdə 7,7 milyon aktiv abunəçiyə sms bildirişinin göndərilməsi, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə metropolitenin stansiyalarının platforma, keçid, vestibüllərində, həmçinin sərnişin axınını tənzimləyən eskalatorlara yaxın sahələrdə sosial lövhələrin yerləşdirilməsi, həmçinin stansiyalarda yerləşən monitorlarda narkotik vasitələrin və psixotrop maddələrin zərərli təsirlərini əks etdirən sosial təyinatlı videoçarxların yayımlanması təmin edilmişdir.
Eyni zamanda, kütləvi informasiya vasitələri tərəfindən müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin monitorinqinin aparılmasına dair tapşırığa əsasən, Azərbaycan Respublikası Audiovizual Şura tərəfindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış ”Narkotik sərhədsiz fəlakətdir”, “Çalış ki, narkotikə hədəf olmayasan” adlı videoçarxlar və “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik “AZTV”, “Ictimai TV”, “Mədəniyyət TV”, “İdman TV”, “Space TV”, “ATV”, “Xəzər TV”, “ARB”, “Real TV” və “CBC Sport TV” kanallarının efirlərində 2022-ci ilin 9 ayı ərzində ümumilikdə 21984 dəfə yayımlanmışdır.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri əyani təbliğat materialları (bukletlər) çap edilmiş və təşkil olunan maarifləndirmə və ictimai tədbirlərdə kütləvi şəkildə paylanılması təmin edilmişdir.

2022-ci il ərzində maarifləndirmə tədbirləri çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumilikdə 256 tədbir (şəhər,rayon komissiyaları ilə 59 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 116 ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində maarifləndirmə tədbiri, 62 təlim, 7 kütləvi-mədəni tədbir, idman növü üzrə 4 turnir  və 4 fləşmob) təşkil edilmişdir.

Beləliklə, görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2023-cü il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə bağlı vəziyyət barədə sorğuların keçirilməsi, həmçinin müxtəlif yaş qrupları arasında narkomanlığın yayılma dərəcəsini aşkarlamaq məqsədi ilə sosial araşdırmaların aparılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və təsirli metodlarla təşkili məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər planlarının imzalanması, effektiv və təsirli sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, kütləvi informasiya vasitələrində daha dolğun məlumatların, müəllif yazılarının hazırlanması məqsədi ilə narkomanlığın spesifik cəhətləri ilə bağlı jurnalistlər üçün təlim kurslarının təşkili nəzərdə tutulmuşdur.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri




Baxılıb: 917