“Gələcəyimizi birlikdə düşünək”

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq martın16-da Sabunçu  rayon Gənclər Evində “Gələcəyimizi birlikdə düşünək” mövzusunda tədbir  keçirilib.

  Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

  Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib. Onun sözlərinə görə, narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Ona görə də gənclər bu bəladan uzaq olmalı, cəmiyyətin layiqli üzvü olmaq üçün təhsilə xüsusi önəm verməlidirlər.

  YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından danışıb,  rayonda bu sahədə həyata keçirilən mübarizə tədbirləri haqqında məlumat verib.

  Çıxış edən Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib. O, gəncləri bu bəladan uzaq olmağa çağırıb.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. O, bu sahədə həyata keçirilən mübarizə tədbirləri ilə bağlı statistik məlumatları təqdim edib.  Onun sözlərinə görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verilir.

  Sabunçu  rayon Gənclər Evinin rəhbəri Kamil Yaqubov isə çıxışında gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

  Sonda Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin təşkilatçılığı ilə çəkilmiş “Qara talelər” sənədli filmi nümayiş etdirilib. Filmdə narkomaniyanın insan həyatına vurduğu ağır zərbələrdən bəhs olunur.




Baxılıb: 569