Qubada “Sağlam gənclik sağlam ailənin təminatıdır” mövzusunda tədbir keçirilib

Aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının, partiyanın Quba rayon təşkilatının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə interaktiv təlim keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Quba şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə YAP-ın Quba-Xaçmaz iqtisadi zonası üzrə rayon təşkilatlarının üzvü olan gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Tariyel İbrahimov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Röya Bənənyarlı müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, müasir Azərbaycan ailəsinin qarşılıqlı hörmət, sağlam təməllər üzərində qurulmasının əsas səbəblərindən biri də tarixin süzgəcindən keçmiş ailə dəyərlərinin yaşadılması və nəsildən-nəslə ötürülməsidir. Ailə sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitədir. Sağlam ailə mühitində tərbiyə alaraq böyüyən gənclər isə xalqımızın milli sərvəti, ölkəmizin gələcəyidir. Məhz bu baxımdan milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniyaya qarşı mübarizədə hər kəs səfərbər olmalı, zərərli və yad meyillərin qarşısının alınması istiqamətində əlindən gələni əsirgəməməlidir.

 Tədbir interaktiv formada davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərin mənfi təsiri barədə geniş məlumat verilib.

Tədbir zamanı iştirakçılara Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər, bukletlər (“Narkotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçaları və.s) paylanılıb.




Baxılıb: 557