Carı ilin 4 ayı ərzində qanunsuz dövriyyədən 3 ton 112 kiloqramdan çox müxtəlif növ narkotik vasitə psixotrop maddə müsadirə olunub

    Сari ilin yanvar-aprel ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 3992 cinayət faktı aşkarlanmışdır. Onlardan 1330-u narkotik vasitələrin qanunsuz satışı, 2596-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 38-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

    Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 209 kq 253,454 qr-nı heroin, 1 ton 590 kq 303,118 qr-nı marixuana, 128 kq 867,863 qr-nı tiryək, 43 kq 155,165 qr-nı həşiş,139 kq 297,484 qr-nı psixotrop maddələr, 1 kq 332,53 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 19838 ədəd həb metadon, 1097 ədəd çətənə bitkisi,eləcə də 617,668 qr, 2321 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2557 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 42 nəfəri xarici ölkə vətəndaşıdır.

   Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 99 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 451 kq 605,358 qr və 19838 ədəd həb metadon narkotik vasitələr və 2321 ədəd kapsul, 953 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

    Ümumilikdə, aşkar edilmiş cinayətlərin 80-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 604 kq 284,7 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 879 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 577 kq 807,8 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   2023-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 112 kq 209,614 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 107 milyon 846 min AZN kimi qiymətləndirilir.

  Təhlil göstərir ki, 2022-ci ilin I rübü ilə müqayisədə 2023-cü ilin müvafiq dövrü  ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı31,satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 147, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt,məsuliyyətə cəlb edilmiş şəxslərin sayı204nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 619 kq 890,876 qr artmışdır. O cümlədən,narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 108, digər növ cinayət faktların sayı 6, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı  2, qrup halında olan cinayətlərin sayı isə 9 fakt  azalmışdır.

   Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27140 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 946 nəfərindən 515-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

    Hesabat dövrü ərzindəİşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 4 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 35 tədbir (19 maarifləndirmə tədbiri, 13 təlim, 1 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi) təşkil edilmişdir.

    2023-cü ilin yanvar-aprel ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 396 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 58-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 183-ü narkotik asılılıqdan müalicə, 155-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 241 məktub ünvanlanmışdır.

   Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

      Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 




Baxılıb: 412