“Güclü və sağlam gələcək naminə!”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyunun 24-də Gəncə şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar “Güclü və sağlam gələcək naminə!” mövzusunda tədbir keçirilib.

Gəncə şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gəncə, Daşkəsən, Goranboy, Göygöl, Samux, Naftalan, Xocalı və Kəlbəcər rayonunu təmsil edən fəal gənclər və “N” saylı hərbi hissənin əsgərləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bayram Aslanov qazanılan 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu yolda xidmətləri olan Vətən övladlarının daim iftixarla xatırlandığını vurğulayıb. YAP Gəncə şəhər təşkilatının sədri müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb olan, faciəvi nəticələrə gətirib çıxaran narkomaniyanın fəsadlarından danışaraq gəncləri asudə vaxtlarını səmərəli keçirməyə, zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. “Narkomaniya ilə mübarizə və onun profilaktikası sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir” ,- deyən Zəkiyyə Musayeva gənclərin zərərli vərdişlərdən uzaq olması üçün həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasının əhəmiyyətinə diqqəti yönəldib.

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ruslan Həsənov cəmiyyətdə hər kəsi düşündürən ən ağrılı problemlərdən biri olan “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını qeyd edib, ölkəmizdə narkomaniyaya qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin mütəmadi xarakter daşıdığını vurğulayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev narkomaniya ilə mübarizə sahəsində ictimai nəzarətin əhəmiyyətindən danışıb. Bu sahədə həyata keçirilən mübarizə tədbirlərindən bəhs edən Raqif Allahverdiyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyini qeyd edib.

Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov narkotik maddələrdən istifadənin fəsadları, narkomaniyanın insanların sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat verilib.

Vətən müharibəsi iştirakçısı Mətin Abdinov gəncləri vətənpərvər, ölkəmizə layiqli vətəndaş olmağa, Vətəni hər zaman qorumağa çağırıb və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edib.

Sonra iştirakçıları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda “Güclü və sağlam gələcək naminə!” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.  




Baxılıb: 2679