Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir

  Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq iyulun 17-də Qəbələ rayonunda “Narkomaniya ilə mübarizə hər bir şəxsin fərdi məsuliyyətidir” mövzusunda tədbir keçirilib.

  Qəbələ Arxeoloji Mərkəzində baş tutan tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.

  Əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinə ekskursiya təşkil olunub. Mərkəzdə qədim Qəbələ şəhərinin tarixi və sərgilənən eksponatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.

 Tədbirdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Arif Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Əli Səmədov və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər. Qeyd olunub ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.




Baxılıb: 1677