“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmiş,  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Dövlət Proqramı ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə, sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktik araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər geniş miqyaslı məsələlərin həllinə  əhəmiyyətli təsirini göstərmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülməkdədir.

Belə ki, çağırışçıların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların, birbaşa kadr zabit heyətinə könüllü daxil olanların və həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçirilməsi və bu yolla narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunlarının layihələri hazırlanaraq 2021-ci il 2 sentyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmiş və bununla bağlı 2022-ci il 26 aprel tarixində müvafiq qanunlar qəbul edilərək qüvvəyə minmişdir.

Bundan sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla “Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası”nın hazırlanması təmin edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 11 yanvar tarixli 4 nömrəli Qərarı ilə həmin Qayda təsdiq edilmişdir.

Bundan başqa, qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut hesab edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin), habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək nümunə götürülməklə məhv edilməsini və ya istifadəsi mümkün olduqda müvafiq dövlət orqanına (qurumuna) verilməsini nəzərdə tutan “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanaraq, 2021-ci il 9 noyabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmiş və bununla bağlı 2022-ci il 26 aprel tarixində müvafiq qanun qəbul edilərək qüvvəyə minmişdir.

Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 131-1.4-cü maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydasının müəyyən edilməsi məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aidiyyəti qurumların rəy və təklifləri nəzərə alınmaqla “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası”nın layihəsi hazırlanaraq 25 oktyabr 2022-ci il tarixində 18/638 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına razılaşmaya göndərilmiş və müvafiq razılıq verildikdən sonra həmin Qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2023-cü il tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 26 aprel 2022-ci il tarixli 516-VIQD nömrəli Qanunu ilə Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarının, prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarının, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin xüsusilə külli miqdarının anlayışları təsbit edilərək, bu maddələrin qanunsuz dövriyyəsinə görə məsuliyyəti nəzərdə tutan cinayət tərkiblərinin yeni tövsifedici əlamətləri müəyyən edilmişdir.

Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər.

Belə ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz  dövriyyəsi üzrə 6696 cinayət faktı aşkar edilmiş, qanunsuz  dövriyyədən 5 ton 141 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə  və  psixotrop  maddə  çıxarılmışdır. Buda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 145 fakt və müsadirə  edilən  narkotiklərin və psxiotrop maddələrin çəkisi isə 1 ton 237 kq artmışdır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işlərinin istintaqı nəticəsində 4995  nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

Qanunsuz dövriyyədən götürülmüş 5 ton 141 kq 918,699 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə qara bazar dəyəri 225 milyon 099 min 481 AZN kimi qiymətləndirilir.

Cari ilin yanvar-iyul ayları ərzində müsadirə edilmiş narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 186 kiloqramı ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilmiş və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 53 nəfəri xarici ölkə vətəndaşı olmuşdur.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 51856 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1550 nəfərindən 846-nın istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 26 aprel tarixində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən “Bakı Neft Maşınqayırma zavodu ”MMC-nin inzibati ərazisində 1964  məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş  4 ton 646 kq kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi  genişləndirilmişdir.

Bununla yanaşı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi, penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq 6 maarifləndirmə tədbiri həyata keçirilmişdir.

“Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı” təsdiq olunmuş və hazırda Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən icra olunmaqdadır.

Maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2023-ci ili əhatə edən birgə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində ümumilikdə 14 tədbir həyata keçirilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Gənclər Fondu arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planının icrası istiqamətində könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmişdir.

Həmçinin Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə baş idarələrin və regional mədəniyyət İdarələrinin tabeli müəssisələrin mütəxəsisləri üçün təlimlər keçirilmişdir.

Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən təqdim olunan məlumatlar əsasında aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de”, “Çalış ki, narkotikə hədəf olmayasan”, “802-Qaynar xətt” adlı sosial roliklər mütəmadi olaraq televiziya kanallarında yayımlanmışdır.

Görülən işlərin davamı olaraq “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı və “802 qaynar xətt” zəng xidmətinin fəaliyyət istiqamətinə və narkomanlığın zərəri barədə hazırlanmış yeni video çarxların mövcud şəraitə uyğun olaraq audiovizual media subyektləri vasitəsilə işıqlandırılmasına başlanılmışdır.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci yarım bəndinə müvafiq olaraq,maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə 2022-ci ildə  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində narkomanlığın zərəri ilə bağlı hazırlanan sosial lövhələr “Memar Əcəmi”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Nəsimi”, “Nəriman Nərimanov” və digər stansiyalarda quraşdırılmış və eyni zamanda sosial çarxların nümayişi təmin edilmişdir.

Maarifləndirmə işini daha da genişləndirilməsi məqsədilə yeni forma və məzmunda hazırlanmış lövhələrin mövcud olanlarla əvəzlənməsi və ya əlavə olaraq digər stansiyalarda yerlərin ayrılması istiqamətində müvafiq işlər görülür.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri üçün “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda treninqlər təşkil edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun dəstəyi ilə antinarkotik təbliğat işinin daha da təsirli metodlarla təşkili məqsədilə müvafiq sahə üzrə tanınmış və geniş izləyici kütləsi olan videobloger Nail Kəmərli tərəfindən “Həyat deyəsən davam edir” adlı çoxseriyalı filmin ilk seriyası hazırlanmış və sosial şəbəkədə yerləşdirilmişdir (http://www.youtube.com/watch?v=uhH2IL-p0BA).

Sosial şəbəkələrdə maarifləndirmə işini daha da genişləndirmək məqsədilə, eyni zamanda filmin ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılandığı nəzərə alınaraq növbəti seriyanın çəkilişi istiqamətində işlər davam etdirilir.

Dövlət Proqramının 4.4.27 yarımbəndinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədilə yeni üslubda zəruri əyani təbliğat materialları çap edilmişdir.

Hesabat dövründə  şəhər və rayon üzrə yerli komissiyaların üzvləri ilə, din xadimləri və yerli qeyri-hökumət təşkilatları cəlb edilməklə görüşlər keçirilmiş, müvafiq müzakirələr aparılmış, metodiki kömək göstərilərək zəruri təbliğat materialları (elektron daşıyıcılarda) təqdim olunmuşdur.

26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə həyata keçirilən tədbirlər və onların nəticələri barədə məlumatlılığın artırılması məqsədilə müvafiq razılaşmaya əsasən “İki sahil” qəzetində rubrika açılmış və qrafikə uyğun olaraq aidiyyəti qurumlar tərəfindən təqdim olunan məqalələr hər həftənin şənbə günləri dərc edilir.

Hesabat dövrü ərzində İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla 5 Tədbirlər Planı imzalanmış və ümumilikdə maarifləndirmə tədbirləri çərçivəsində 104 tədbir 50 maarifləndirici görüş, 26 təlim, 3 mədəni-kütləvi tədbir, yutub kanalı vasitəsilə yayımlanan 1 film, 1 rəsm müsabiqəsi, 7 sosial layihə, 1 velo yürüş və 1 marafon) təşkil edilmişdir.

 Yanvar-İyul ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 752 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 112-si narkotik vasitələrin qanunsuz dövriyyəsi,   269-u narkotik asılılıqdan müalicə, 371-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 381 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkomaniyanın profilaktikasına və qarşısının alınmasına son dərəcə ciddi əhəmiyyət verilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipial mövqeyi, bu sahədə dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi, gənc nəslin sağlam və yüksək ideyaları ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonrada məqsədyönlü tədbirlər görüləcəkdir.




Baxılıb: 981