Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

Cari ilin may ayının 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib.

İclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzkirə edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov iclası giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilmiş, antinarkotik təbliğin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, bu sahədə qanunvericilyin təkmilləşdirilməsi ilə əlaqədar məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı Əli Əhmədov ölkə ərazisində  narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  aşkar edilmiş cinayət  faktları və həmin faktlar üzrə qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələr barədə şəhər və rayonlar üzrə məlumatları müqayisəli təhlil edərək iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Belə ki, hüquq mühafizə orqanları tərəfindən 2024-ci ilin yanvar-aprel ayları ərzində 3796 fakt üzrə 2 ton 262 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotiklərlə bağlı cinayət faktlarında 196, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisində 849 kiloqram, o cümlədən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayında 407 nəfərin, həmçinin narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayının azalmasını bildirmişdir.

Dövlət Komissiyanın iclasında Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Salyan Rayonu İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Rəşad Cəbrayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər komissiyasının sədri Orxan İbrahimov təmsil etdikləri qurumlar tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin və narkotik asılılığı olan şəxslərin sayının azaldılması üçün görülən işlərin vəziyyəti, bu sahədə qarşıda duran vəzifələr barədə çıxış edərək məlumat vermişlər.

İclasda Dövlət Komissiyasının sədri Əli Əhmədov son dövrlərdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi faktlarından, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bəzi şəhər və rayonlar üzrə narkotik vasitələrdən istifadə ilə bağlı göstəricilərin artmasından narahatlığını ifadə etmişdir. Bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması, antinarkotik təbliğatın və maarifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən kompleks şəkildə təşkil edilməklə daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Yekunda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində, o cümlədən gömrük-sərhəd buraxılış məntəqələrində və sərhədyanı ərazilərdə fəaliyyətin gücləndirilməsi və tranzit yükdaşımalarına nəzarətin artırılması, reabiltasiya mərkəzinin yaradılması, narkoloji tibbi müəssisələrin maddi-texniki bazasının təkmilləşdirilməsi, narkoloji xidmətin kefiyyətinin və kadr potensialının yaxşılaşdırılması, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə barədə aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilmişdir.




Baxılıb: 714