Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-aprel aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-aprel ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3796 cinayət faktı aşkarlanmışdır.Onlardan 1069-u narkotik vasitələrin qanunsuz satışı, 2701-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 25-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 1-i isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin 336 kq 272,118 qr-nı heroin, 1 ton 725 kq 753,709 qr-nı marixuana, 60 kq 267,327 qr-nı tiryək,26 kq 557,101  qr-nı həşiş, 105 kq 521,551 qr-nı psixotrop maddələr, 8 kq 368,52 qr-nı digər narkotik vasitələr təşkil etmişdir.Həmçinin göstərilən dövrərzində 9190 ədəd metadon həbi, 138 ədəd çətənə kolu və236,1 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

2024-cü ilin yanvar-aprel ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 2 ton 262 kq 740,326 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 64 milyon 844.000 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2150 nəfər cəlb edilmişdir. Həmin şəxslərdən 2090-ı kişi, 60-ı qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 587,468 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 74 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 777 kq 612,157 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 84-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 579 kq 340,76 qr narkotik vasitə və psixotrop maddə  və 4,6 qr güclü təsir edən maddə müsadirə edilmişdir.717 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan401 kq 714,9 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 196, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 261, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 13, digər növ cinayət faktların sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 849 kq 469,288 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 407 nəfər azalmışdır.    

Narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 105 fakt, qrup halında olan cinayətlərin sayı isə 4 fakt artmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 27180 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 835 nəfərdən 562 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 4 ay ərzində İİV-ə 536 nəfər yoluxmuşdur. Onlardan 526 nəfəri Azərbaycan vətəndaşı, 10 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 33 nəfəri  (6,3%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

“802” qaynar xətt  telefon zəng xidmətinə 148 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 47-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 53-ü narkotik asılılıqdan müalicə, 48-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 100 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 929