26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun  müvafiq tapşırıq və göstərişinə uyğun olaraq 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında imzalanmış tədbirlər planının 11-ci bəndinə müvafiq olaraq, antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların həyata keçirilməsi;
  • Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 7-ci bəndinə müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün təlimlərin və seminarların təşkil edilməsi;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə imzalanmış tədbirlər planının 15-ci bəndinə müvafiq olaraq, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi;
  • tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində “Biz narkotikə yox deyirik” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi;
  • maarifləndirici videoçarxların ölkə üzrə bir sıra küçə və prospektlərdə mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planının 26-cı bəndinə müvafiq olaraq, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlərin keçirilməsi;

Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.

 




Baxılıb: 594