İyunun 25-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq Göygöl rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzi ziyarət edilib.
Göygöl Gənclər Evində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Kəmalə İbrahimova, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin qərb bölgəsi üzrə müxbiri Xaliq Qurbanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov və Vətən müharibəsi qazisi Faiq Bayramov çıxış ediblər.
Çıxış edənlər xalqımızın Silahlı Qüvvələr Gününü böyük coşqu və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Bu gün Ordumuz müharibə dövründəki ordudan daha güclü, daha qüvvətlidir və qarşısında dayanan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə qadir və hazırdır.
Çıxışlarda narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğu bildirilib. Vurğulanıb ki, narkomaniya insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na əsasən maarifləndirmə işləri də davamlı olaraq həyata keçirilir.
Tədbir interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.