Səyyar Gənclər Xidməti layihəsinin Bərdə rayonunda təlim sessiyaları həyata keçirilmişdir.

Bərdədə 21-26 iyul tarixlərində təşkil edilən Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində  təlimlər başa çatıb. Belə ki,  6 gün ərzində rayonun 10 kəndi üzrə 400 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları təşkil edilib.  

Təşkil edilən təlimlər zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.




Baxılıb: 781