Neftçala rayonunda Səyyar Gənclər Xidməti layihəsi təşkil edilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Səyyar Gənclər Xidməti layihəsinin növbəti tədbiri Neftçala rayonunda təşkil edilmişdir.

Tədbirin açılış günü Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ülvi Adıgözəlov, Neftçala rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Vasif Əliyev, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sektor müdiri Raqif Allahverdiyev, Səyyar Gənclər layıhəsinin rəhbəri Ceyhun Bayramov, müəllim və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı ucqar kənd gənclərinə "Gənclər siyasəti və dövlətçilik", "Peşə seçimi və karyera", "Sağlam və təhlükəsiz həyat" mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub, həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir. 

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.




Baxılıb: 845