SOCAR-da narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

SOCAR  və müvafiq dövlət qurumlarının birgə əməkdaşlığı ilə narkomaniya ilə mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi, strateji əhəmiyyətə malik neft-qaz sənayesi obyektlərinin mühafizəsini təmin edən təhlükəsizlik xidməti əməkdaşlarını, eləcə də SOCAR-ın digər struktur bölmələrindən qatılan iştirakçıları narkomaniyanın fəsadları barədə maarifləndirmək olub. Tədbirdə SOCAR əməkdaşları ilə yanaşı, aidiyyəti podratçı şirkətlərin, həmçinin narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan dövlət qurumlarının nümayəndələri iştirak edib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək dövlətimizin narkomaniya ilə mübarizə sahəsində atdığı mühüm addımlar və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. İşçi Qrupun baş məsləhətçisi Şahin İsmayılov isə bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha səmərəli aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda 4 dövlət proqramı qəbul edilib və uğurla icra olunub.

Respublika Narkoloji Mərkəzinin baş direktoru Fəzail Sadıqov narkomaniyanın cəmiyyətə və insan sağlamlığına təsirləri, bu problemin aradan qaldırılması üçün həyata keçirilən müalicə və reabilitasiya proqramları barədə danışıb. O, həmçinin narkotik maddələrdən asılılığın aradan qaldırılması üçün vaxtında tədbir görməyin əhəmiyyətini vurğulayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Nadir Məmmədov çıxışında sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının genişlənməsinə diqqət çəkib. O, xarici ölkə vətəndaşlarının sosial şəbəkələr vasitəsilə Azərbaycan vətəndaşları ilə əlaqə quraraq onlardan narkotik vasitələrin satışında "kuryer" kimi istifadə etdiklərini bildirib. Nadir Məmmədov tədbir iştirakçılarına, tanımadıqları xarici ölkə vətəndaşlarının sosial şəbəkələr və digər vasitələrlə onlarla əlaqə qurmağa çalışarsa, diqqətli olmağı tövsiyə edib. O, belə hallarda həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb etmə cəhdləri ola biləcəyini vurğulayıb və bu kimi vəziyyətlərdə dərhal müvafiq orqanlara məlumat verməyin əhəmiyyətinə toxunub.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinin birbaşa milli təhlükəsizliyimizə ciddi təhdid olduğunu bildirib. Belə ki, dost olmayan dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin “zəif nöqtələrini” yaxşı bilirlər və onları dövlətimizin suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə bilərlər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov tədbirdə çıxış edərək, aidiyyəti dövlət  qurumlarından dəvət olunmuş qonaqlara tədbirə verdikləri dəyərli töhfələrə görə minnətdarlığını ifadə edib. O, çıxışında narkotik vasitə və psixotrop maddələrin ölkədə sürətlə yayılmasının strateji obyektlər üçün də ciddi təhdid yaratdığını vurğulayıb. İdarə rəisi bu narahatedici vəziyyətin qarşısını almaq məqsədilə strateji obyektlərin mühafizəsində əlavə təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini bildirib. O, həmçinin SOCAR ailəsinin narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarına daim dəstək verməyə hazır olduğunu qeyd edərək, bütün tədbir iştirakçılarını bu mübarizədə diqqətli olmağa çağırıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkotik maddələrdən istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək məqsədilə hazırlanmış metodiki tövsiyələr kitabçası paylanıb.




Baxılıb: 790