Abşeron rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Abşeron rayon Heydər Əliyev Mərkəzində “Orta ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizə mexanizmləri” mövzusunda cari ilin 10 sentyabr tarixində təlim keçirilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva, Abşeron rayonunun orta ümumtəhsil məktəblərinin müəllim və məktəb psixoloqları, sinif rəhbərləri, habelə Abşeron RİH könülləri olmaqla, ümumilikdə 200 nəfər şəxs iştirak etmişdir.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxışında Azərbaycan Respublikasında narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində kompleks mübarizənin aparıldığını qeyd edib.
Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin psixoloqu, asılılıq üzrə mütəxəssis, psixoterapevt Ramin Allahverdiyev, təlimçi-psixoloq Minarə Səbzəliyeva və Abşeron rayonunun Digah kənd məktəbinin psixoloqu Vüsalə Səfərova çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.