“Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun 2024-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq, oktyabrın 17-də Bərdə şəhərində “Mənəvi və fiziki sağlamlıq gələcəyimizin qarantıdır” mövzusunda tədbir keçirilib.

Bərdə Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbir çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin məsləhətçisi, RİH yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Natiq Səfərov narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Çıxışlarda maarifləndirmə işlərinin effektiv vasitə olduğu bildirilib, bu sahədə həyata keçirilən tədbirlərlə bağlı statistik məlumatlar təqdim edilib. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer ayrıldığı diqqətə çatdırılıb.

İnteraktiv formada davam etdirilən tədbirdə gənclərin sualları cavablandırılıb.

Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təşviqi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.




Baxılıb: 737