01 may 2025-ci il tarixində Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Sağlam gələcək naminə narkomanlığa yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin nümayəndələri, rayon Təhsil sektorunun əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təmsilçisi, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə nümayəndəsi və məktəb-liseyin direktoru iştirak ediblər.
Tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlətin fəaliyyəti, gənclərin asudə vaxtlarının faydalı təşkili, narkotiklərin sağlamlığa, mənəviyyata və cəmiyyətin sosial-iqtisadi inkişafına mənfi təsirləri barədə ətraflı məlumat verilib.
Sonda şagirdlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.