Abşeron Olimpiya İdman Kompleksində narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib.

“26 iyun – Birləşmiş Millətlər Təşkilatının Narkotik vasitələrin sui‑istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Abşeron Olimpiya İdman Kompleksində  maarifləndirici tədbir təşkil olunub. Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Abşeron RİH yanında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə” rayon komissiyasının sədri Gülnar Rəhimova narkomaniya ilə mübarizə sahəsində keçirilən tədbirlərdə çıxış edərək, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təblığatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası istiqamətində yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti inistutları ilə əməkdaşlığın gücləndirilməsi və digər geniş miqyaslı məsələlərdən ibarət olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron Rayon Polis İdarəsinin, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, mədəniyyət, idman və təhsil sektorlarının məsul şəxsləri, eləcə də QHT sədrləri və dini icma rəhbərləri çıxış edərək cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərən, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin Abşeron rayonunda qarşısının alınması istiqamətində müvafiq tədbirlərin aparıldığını qeyd ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

Qeyd edək ki, Abşeron RİH-nin və Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə yarışlarda keçirilib. Yarışların keçirilməsində məqsəd kiçik və yeniyetmə idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunması, onlarla narkomaniyaya qarşı mübarizə istiqamətində maarifləndirmə məqsədi daşıyıb. Qaliblər Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.




Baxılıb: 151