
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Şəki şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini, Şəki rayon prokurorunun köməkçisi, Şəki Şəhər-Rayon Polis şöbəsinin NMK baş əməliyyat müvəkkili, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin nümayəndəsi, Şəki şəhəri, Mərkəzi “Cümə” Məscidininin imamı və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışda narkomanlığa qarşı mübarizə üsulları barədə, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verilmişdir. Narkotik maddələrin xüsusiyyətləri, insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilmişdir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.