
2025-ci ilin yanvar-sentyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6516 cinayət faktı aşkarlanmışdır. Onlardan 2052-si narkotik vasitələrin qanunsuz satışı, 4278-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kq 792,816 qramını marixuana, 273 kq 855,347 qramını heroin, 141 kq 301,479 qramını tiryək, 68 kq 378,638 qramını həşiş, 181 kq 045,961 qramını digər narkotik vasitələr və 128 kq 507,561 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 7527 ədəd metadon, 18918 ədəd çətənə bitkisi, 600 qr xaş-xaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.
Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kq olan 2 599 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kq 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4253 nəfər cəlb edilmiş, onlardan 4127 kişi, 126 qadın olmuşdur.
Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülmüşdür.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 768 kq 922,273 qr və 7527 həb metadon narkotik vasitə və psixotrop maddə, 13194 ədəd həb və 5,7 qr güclü təsir edən maddə çıxarılmışdır.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 219 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 965 kq 337,674 qr nakotik vasitə, psixotrop maddə maddə və 33 qr güclü təsir edən maddə müsadirə edilmişdir.
2061 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 641 kq 588,011 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Təhlil göstərir ki, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı1152, qanunsuz satış ilə bağlı faktların sayı 350, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 762, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 37 bu kateqoriyadan olan digər cinayət faktlarının sayı 3, qaçaqmalçılıqla bağlı faktların sayı 1, qrup halında olan cinayətlərin sayı 30 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1528 nəfər azalmışdır. Qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 215 kq 216,721 qr artmışdır.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 231 kq 939,112 qr, tiryəkin çəkisi 5 kq 269,660 qr, psixotrop maddələrin çəkisi 46 kq 062,226 qr azalmışdır.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 902 kq 792,816 qr-nı (88,2 %) marixuana təşkil etmişdir. Onun da 5 ton 178 kq 484,816 qramı (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 724 kq 308, qramı (12,3 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyani sahələrıə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci ilin 28 yanvar və 29-30 may tarixlərində qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 2358 məhkəmə qərarına əsasən barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kq 801,942 qr müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8644 ədəd çətənə bitkisi məhv edilmişdir.
Eyni zamanda hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 50 rayon və şəhərdə 1852 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 44 kq 437,163 qr və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 315 ədəd çətənə bitkisinin məhv olunması təmin edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 72291 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4180 nəfərdən 2303 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8%) nəfəri inyekson narkotik istifadəçiləri olmuşdur.
“802” qaynar xətt telefon zəng xidmətinə 909 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 104-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 54-ü narkotik asılılıqdan müalicə, 751-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 158 məktub ünvanlanmışdır.
Qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.