
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən tələbələr arasında antinarkotik təbliğat işini gücləndirmək məqsədilə Kürdəmir Peşə Liseyində maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı, rayon polis şöbəsinin nümayəndəsi, liseyin direktoru, müəllim heyəti, aidiyyəti qurumların nümayəndələri və tələbələr iştirak ediblər.
Çıxışlarda narkotik vasitələrin cəmiyyət üçün yaratdığı təhlükələr, asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların insan sağlamlığına mənfi təsirləri, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili barədə məlumat verilib. Tələbələrin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə iştirakçılara təqdim olunub.