Azərbaycan Dillər Universitetində maarifləndirmə tədbiri keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və  Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Narkotiklər və QİÇS: Hüquq və Sağlamlıq Perspektivi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə, Dillər Universitetinin İngilis-Fransız dilləri fakultəsinin dekanı və kafedra müdiri,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu, o cümlədən müəllim heyəti və tələbələr iştirak ediblər.

Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri narkomaniyanın insan sağlamlığına törətdiyi mənfi fəsadları, psixoloji duruma və sosial mühitə göstərdiyi təsirlərindən geniş bəhs ediblər. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib. QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Diskussiya şəkilində davam edən tədbirdə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.




Baxılıb: 1252