
19 dekabr 2025-ci il tarixində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nərimanov rayonun 212 nömrəli tam orta məktəbin akt zalında valideynlərlə görüş keçirilib.
Təşkil olunan görüşdə iştirakçılara narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri, onun yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat verilib. İştirakçılarla mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, maraq doğuran suallar cavablandırılıb.
Tədbirdə, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini, yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu iştirak etmişlər.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara təqdim olunub.