
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonu 7 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbir çərçivəsində məktəblilərin əl işlərindən ibarət narkomaniyanın fəsadlarına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin və rayon polis idarəsinin nümayəndələri çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər.
Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar iştirakçılara paylanılıb.