Azərbaycan Respublikasının Gənclər Fondu ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında tədbirlər planı imzalanıb

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Respublikası Gənclər Fondunun arasında 2025-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində ötən il ərzində 14 rayon və şəhərdə 5 350 nəfər gənc üçün maarifləndirmə tədbirləri keçirilmiş və müvafiq təbliğat materiallarının paylanılması təmin edilmişdir.

Görülən işlərin davamı olaraq, gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə  Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu 2026-cı il üçün birgə fəaliyyətə dair tədbirlər planı imzalayıb.

Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları və könüllülər üçün təlimlərin keçirilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların təşkili, habelə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində region gəncləri üçün maarifləndirmə tədbirlərinin, sosial aksiyaların həyata keçirilməsi və digər tədbirlərin təşkili planlaşdırılmışdır.

Eyni zamanda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış  yeni zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlimlərdə, seminarlarda və digər zəruri görüşlərdə iştirakçılar arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 477