2 nömrəli Bakı Baza Tibb Kollecində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15.-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə 2 nömrəli Bakı Baza Tibb Kollecində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Yasamal Rayon İcra Hakimiyyətinin, Milli Antidopinq Agentliyinin, Yasamal Rayon Polis İdarəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri eləcə də, kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak  ediblər.

Çıxışlarda narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində mövzu ilə bağlı qısa videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, və yeni  zəruri maarifləndirici materiallar paylanılmışdır..




Baxılıb: 86