Hacıqabul rayonunda narkotiklərlə mübarizə mövzusunda tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.14-cü yarımbəndinə uyğun olaraq, narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, yerli komissiyanın sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, regional təhsil sektorunun müdiri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsi, eləcə də yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələləri barədə ətraflı məlumat verilib. Narkotik maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah olunub. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Psixotrop maddələr haqqında həqiqət”, “Marixuana haqqında həqiqət”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı yeni maarifləndirici materiallar şagirdlərə təqdim olunub.




Baxılıb: 27