26 iyun – "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ərəfəsində maarifləndirici tədbirlər həyata keçirilmişdir

26 iyun – "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı nəticəsində müvafiq mətnli SMS bildirişinin (DK İşçi Qrup: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən "Azercell", "Bakcell" və "Azərfon" mobil rabitə operatorları tərəfindən mərhələli qaydada təqribən 8 milyon 621 min abunəçiyə göndərilməsi təmin edilmişdir;
  • Azərbaycan Gənclər Fondu ilə birlikdə "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində Şəki, Qəbələ, Oğuz, İsmayıllı və Respublikanın digər regionlarında gənclərin narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərinin artırılması məqsədilə təlimlər təşkil edilmişdir;
  • Ali və orta ixtisas təhsil müəssisələrində – Lənkəran, Mingəçevir və Gəncə Dövlət Universitetlərində, Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində – tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə "Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi" mövzusunda seminarlar və ictimai mühazirələr təşkil edilmişdir;
  • Yetkinlik yaşına çatmayanların hüquqa zidd əməllərdən çəkindirilməsi məqsədilə ümumtəhsil müəssisələrində profilaktik söhbətlər aparılmışdır;
  • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında Bakı şəhərinin 10 küçə və prospektində "Narkomanlığa birlikdə yox deyək" şüarı nümayiş etdirilmişdir;
  • Maarifləndirici videoçarxlar Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, digər sosial əhəmiyyətli ictimai yerlərdə və metro stansiyalarında nümayiş etdirilmişdir;
  • Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planına müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Siyəzən, Oğuz, Quba, Qusar, Xaçmaz və digər rayon və şəhər komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə silsilə tədbirlər həyata keçirilmişdir;
  • Yuxarıda adları sadalanan rayon və şəhərlərdə rayon (şəhər) İcra Hakimiyyətləri ilə birgə narkomanlığa qarşı maarifləndirici aksiyalar keçirilmişdir. Aksiyalar çərçivəsində "Rəqəmsal mühitdə gizli narkotik riskləri", "Valideynlər üçün tövsiyə", "Yeniyetmələr və gənclər üçün", "Sən bunlara hazırsan?", "Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar" və "Məlumatlı ol, cinayət törətmə" adlı yeni əyani vəsaitlər əhali arasında paylanılmışdır;
  • Tədbirlərin kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

Beləliklə, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində ümumilikdə 45 tədbir (19 məlumatlanırıcı və maarifləndirici tədbir, 10 təlim, 16 sosial aksiya) təşkil edilmişdir.




Baxılıb: 29