
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Şəki Olimpiya İdman Kompleksində təşkil olunmuş "El-oba" milli adət-ənənələr düşərgəsində məlumatlandırıcı və maarifləndirici təlim keçirilib.
Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış ediblər. Çıxışlarda narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomanlığa qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib. Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik risklər, hüquqa zidd əməllər və onlara görə hüquqi məsuliyyət mövzularına da toxunulub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində iştirakçılara "Rəqəmsal mühitdə gizli narkotik risklər", "Yeniyetmələr və gənclər üçün" və "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici materiallar təqdim olunub.