Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində maarifləndirici təlim keçirilib.

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Xəzər rayonu Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunmuş region gənclərinin yay düşərgəsində məlumatlandırıcı və maarifləndirici təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri çıxış ediblər. Çıxışlarda yeniyetmələr və gənclərə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, narkotik asılılığının formalaşma mərhələləri, erkən profilaktikanın əhəmiyyəti, habelə narkomanlığa qarşı mübarizədə dövlət siyasətinin əsas istiqamətləri və gənclərin bu sahədə məsuliyyəti barədə ətraflı məlumat verilib. Bundan əlavə, gənclərin asudə vaxtlarının səmərəli təşkili, rəqəmsal mühitdə gizli narkotik risklər, hüquqa zidd əməllər və onlara görə hüquqi məsuliyyət mövzularına da toxunulub, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Tədbir çərçivəsində iştirakçılara "Yeniyetmələr və gənclər üçün", "Rəqəmsal mühitdə gizli narkotik risklər" və "Məlumatlı ol, cinayət törətmə" adlı maarifləndirici materiallar təqdim olunub.




Baxılıb: 76