Lənkəran şəhərində “Narkomaniya dövrün bəlası” adlı maarifləndirici tədbir keçirilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində “Narkomaniya dövrün bəlası” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının, Lənkəran şəhər Rayon Polis Şöbəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin nümayəndələri, o cümlədən pedaqoji heyət və tələbələr iştirak ediblər.

Çıxışlarda narkomanlığa qarşı mübarizə üsulları, narkotik vasitələrin cəmiyyət üçün yaratdığı sosial və tibbi problemlər, onların törətdiyi fəsadlar, narkotik asılılığının formalaşma mərhələləri, həmçinin mənəvi-əxlaqi dəyərlər barədə ətraflı məlumat verilib. Yeni növ psixotrop maddələrin xüsusiyyətləri, onların insan orqanizminə və psixoloji sağlamlığa zərərli təsirləri izah edilib.

Bundan əlavə, gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmağın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib.

Tədbirin sonunda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar isə tələbələrə paylanılıb.

 




Baxılıb: 77