Azərbaycan Texniki Universitetində maarifləndirici tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun  birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Sağlam gəncliyə güclü insan kapitalı” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Universitetin gənclər təşkilatının sədri, Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Yasamal rayon polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin və Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri, o cümlədən pedaqoji heyət və tələbələr iştirak ediblər.

Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri gənclərin narkotiklərdən asılılıq problemi barədə biliklərinin artırılması məqsədilə onlara psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə, eyni zamanda qadağan edilmiş maddə və üsullardan istifadəyə qarşı aparılan mübarizə ilə bağlı qanunvericiliyin tələbləri, sosial və hüquqi fəsadlar haqqında ətraflı məlumat veriblər.

İnteraktiv şəkildə davam edən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb, habelə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsinin, gənclərin bu sahədə məlumatlılığının artırılmasının və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni təbliğat materiallarının tələbələrə paylanması təmin olunub.




Baxılıb: 11