Qaradağ rayonunda narkomanlığa qarşı maarifləndirmə tədbiri təşkil olunub

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.2-ci yarımbəndinə əsasən internat tipli ümumi təhsil müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 9 nömrəli xüsusi internat məktəbində tədbir təşkil edilmişdir.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Komissiyasının sədri, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Rayon Polis İdarəsinin, Bakı Şəhər Narkoloji Mərkəzinin nümayəndələri, məktəb direktoru və müəllimlər mövzu ətrafında çıxış edərək şagirdlərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, habelə törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər.

O cümlədən, narkotik asılılığının formalaşma mərhələləri izah edilib, mənəvi-əxlaqi dəyərlərin təbliği, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə daimi söhbətlərin aparılmasının vacibliyi qeyd olunub.

Eyni zamanda, asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın əhəmiyyəti xüsusilə vurğulanıb, gələcək ixtisas və karyera seçimi ilə bağlı tövsiyələr verilib.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Məlumatlı ol, cinayət törətmə”, “Yeniyetmələr və gənclər üçün” adlı maarifləndirici materiallar isə şagirdlərə paylanılıb.

 




Baxılıb: 54