
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Qeyri-Hökumət Təşkilatları Forumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri və rəhbər müavini, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri və nümayəndəsi iştirak ediblər.
Görüşdə çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın fəaliyyət istiqamətləri və əsas məqsədləri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri, cari ildə təşkil olunan tədbirlər, görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Memorandumun əsas məqsədi Dövlət Proqramının icrası çərçivəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi, ictimai maarifləndirmə və profilaktika işinin genişləndirilməsi, antinarkotik təbliğatın səmərəliliyinin artırılması, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının tədbirlərin icrasına cəlb olunması, sosial şəbəkələrdə antinarkotik təbliğatın effektivliyinin artırılması, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, habelə tərəflər arasında əməkdaşlığın dahada inkişaf etdirilməsidir.
Nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsinin və həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə tərəflərin qurumları üzrə əlaqələndirici şəxsləri təyin olunub.