26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nizami rayon komissiyası tərəfindən tədbirlər keçirilmişdir.

26 iyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Nizami rayon komissiyası tərəfindən aşağıda qeyd olunan tədbirlər keçirilmişdir:

  1.18 iyun 2014-cü il tarixində Rayon Mərkəzi Kitabxanasında “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon məktəblərinin, kitabxanaların, rayonun və şəhərin polis idarələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Texniki Kollecin tələbələri, sakinlər iştirak etmişlər.

  Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə zərərli təsirini qeyd edərək, bu bəlaya qarşı mübarizənin zəruriliyindən, o cümlədən maarifləndirmə tədbirlərinin genişləndirilməsinin əhəmiyyətindən danışmışlar.

  Natiqlər diqqətə çatdırmışlar ki, narkomaniya insanların, xüsusilə də gənclərin fiziki sağlamlığına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətin inkişafına mənfi təsir göstərir, eləcə də cinayətkarlığa zəmin yaradır.

   Tədbirdə iştirak edən gənclər bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, sağlam həyat tərzinin formalaşdırılmasında əsas amillərdən biri olan zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması məqsədilə ümumtəhsil məktəblərində, kolleclərdə, məhəllələrdə vaxtaşırı maarifləndirici söhbətlərin, diskussiyaların, elmi-praktik konfransların keçirilməsinin, videoçarxların nümayiş etdirilməsinin vacibliyini qeyd etmişlər.

   Tədbir boyunca narkomanlığın ağır fəsadlarından, onun insan sağlamlığına, eləcə də bütünlükdə cəmiyyətimizə vurduğu mənfi təsirlərdən bəhs edən videofilmlər nümayiş etdirilmişdir.   

  2. 19 iyun 2014-cü il tarixində rayonun Heydər bağı park-bulvarıında “Gələcəyi qoruyaq” adlı toplantı təşkil edilmiş, cari ilin may ayında ümumtəhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə, kolleclərdə təhsil alan şagird və tələbələr arasında “Gənclər narkomaniyaya yox deyir”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında keçirilmiş rəsm müsabiqəsinə yekun vurulmuşdur.

  Toplantıda YAP Nizami rayon təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin,ictimai birliklərin, məktəb rəhbərlərinin, həmçinin 25-ci polis bölməsinin nəzdində fəaliyyət göstərən İctimai Şuranın nümayəndələri iştirak etmişlər.

 Bildirilmişdir ki, yeniyetmə və gənclərdə sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən silsilə tədbirlərin davamı olaraq may ayı ərzində keçirilmiş rəsm müsabiqəsində 200 nəfərə yaxın şagird və tələbə iştirak etmişdir. Müsabiqə iştirakçılarından 30 nəfərinin əl işi tədbirdə nümayiş etdirilmiş, onlardan 10 nəfəri qalib olmuşdur.

  Toplantıda Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məhi Mehdiyev, 214 №-li məktəbin direktoru, eyni zamanda 25-ci polis bölməsinin nəzdində fəaliyyət göstərən İctimai Şuranın sədri Zümrüd Səmədova, 70 №-li məktəb-liseyin direktoru Nazim Qasımov, Veteranlar Şurasının üzvü Bəsti İsayeva və başqaları narkomaniyanın cəmiyyət üçün ağır bəla olduğunu və yeniyetmə-gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulamışlar. Narkomaniyaya qarşı mübarizənin ümumbəşəri xarakter aldığını, respublikamızda bu sahədə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini, dövlət proqramları qəbul edildiyini diqqətə çatdıran natiqlər qeyd etmişlər ki, gənclərin sağlam ruhda böyüməsi və tərbiyə alması istiqamətində bütün imkanlardan istifadə edilməli, asudə vaxtın səmərəli təşkili məqsədilə məktəbdənkənar tərbiyə müəssisələrinin, müxtəlif idman-sağlamlıq komplekslərinin fəaliyyət dairəsi genişləndirilməlidir.

    Tədbirin sonunda müsabiqə qaliblərinə diplomlar verilmişdir.  




Baxılıb: 1475