14 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun yanında Dövlət Komissiyasına üzv olan aidiyyəti orqanların məsul şəxslərinin iştirakı ilə qapalı iclas keçirilmişdir.
İclasda cari ilin iyul ayının 11-də Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin ölkədə külli miqdarda (2.800 litrə yaxın yuyucu maddədə həll edilmiş 588 kq 885 qr heroin, 11 kq 759 qr morfin və 2 kq 201 qr kodein) narkotik maddənin saxlanılması və bu narkotik maddənin Azərbaycan Respublikası ərazisindən tranzit olaraq keçməsi barədə olan ilkin məlumat üzrə aidiyyəti orqanlar tərəfindən aparılan araşdırmanın nəticələri müzakirə edilmiş, araşdırmanın davam etdirilməsi, görülən işlər barədə Dövlət Komissiyasının mütəmadi olaraq məlumatlandırılması barədə müvafiq tapşırıqlar verilmişdir.
Qeyd edilən məsələ Azərbaycan Respublikası Prezidentinin gündəlik nəzarətindədir.