Rayon haqqında

Qusar rayonu 1930-cu ildə təşkil edilmiş, Quba-Xaçmaz iqtisadi zonasına aiddir. Böyük Qafqazın şimal-şərq yamacındadır. Şimal-qərbdən Rusiya Federasiyası ilə həmsərhəddir. Şərqdən Xaçmaz, cənubdan Quba və qərbdən Qəbələ rayonları ilə həmsərhəddədir. Sahəsi 1542 kv.km-dir. Mərkəzi Qusar şəhəridir. Rayon mərkəzilə Bakı şəhəri arasında olan məsafə 180 km-dir. Rayona 1 şəhər, 1 qəsəbə və 88 kənd daxildir.

Rayonun cənub-şərq hissəsi dağlıq, mərkəzi maili düzənlik, şimal-şərq kənarı ovalıqdır. Ərazinin hündürlüyü 100 m-dən (ovalıqda) 4466 m-dəkdir (Bazardüzü dağı). İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur yanvarda yüksək dağlıqda -140C, düzənlikdə 10C, iyulda müvafiq olaraq 20C və 240C-dir. İllik yağıntı 350-1500 mm-dir.

Rayonun ərazisində Samur və Qusar çayları axır, Samur-Abşeron, Xanarxı və Cağar-Cibir suvarma kanalları keçir.

Rayonun əhalisi 91,6 min nəfərdir, bundan Qusar şəhərində 17,9 min, Samur qəsəbəsində 2,1 min, kəndlərdə 71,6 min nəfər yaşayır.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Bitkiçilikdə taxılçılıq, tərəvəzçilik, kartofçuluq və meyvəçilik, heyvandarlıqda isə maldarlıq, qoyunçuluq və quşçuluq təşkil edir.

Hazırda rayonda 88 ümumtəhsil məktəbi vardır ki, onlardan 6-sı şəhərdə, 1-i qəsəbədə, 81-i isə kəndlərdədir. Məktəblərdən 17-si ibtidai, 22-si orta, 49-u tam ortadır.  

Rayonda 20 mədəniyyət evi, 44 klub, 47 kitabxana, İncəsənət məktəbi, Qusar Dövlət Ləzgi Dram teatrı, Rəsm qalereyası, Tarix-diyarşunaslıq müzeyi, şəhər istirahət parkı, Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

Rayonun ərazisində 4 xəstəxana, vərəm dispanseri, təcili yardım stansiyası, stomotoloji  poliklinika, 24 ambulatoriya, 44 feldşer-mama məntəqəsi var, həmçinin 1 özəl səhiyyə müəssisəsi əhaliyə tibbi xidmət göstərir.

Qusar şəhərində Olimpiya Mərkəzi, Şahmat məktəbi, Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərir.

2012-ci ildə rayon ərazisində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi istifadəyə verilmişdir.




Baxılıb: 1656