Şəhər haqqında

Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmış, 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Ərazisi 130 kvadrat kilometrdir. Yerli əhali 99717 nəfər (01.01.2013-cü il), məcburi köçkün 20324 nəfər (5444 ailə), qaçqın 3379 nəfər (705 ailə).

Bakı şəhərindən 323 km məsafədə yerləşir. “Bakı-Tbilisi” dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km və Qəbələ rayonunda 90 km məsafələrdə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.

Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 3.9 dərəcə, iyul ayında 27.8 dərəcədir. İllik yağıntı 418 mm.

Hazırda ölkənin dördüncü sənaye şəhəri olan Mingəçevirdə elektroenergetika, elektrotexnika, kimya, maşınqayırma, yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir.

Mingəçevir şəhərində Politexnik İnstitut, Azərbaycan Müəllimlər İnstitutunun filialı, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, 22 ümumtəhsil məktəbi, 21 uşaq bağçası, Mərkəzi şəhər xəstəxanası, “Ana və uşaq” Müalisə Sağlamlıq Mərkəzi, Rayonlararası Doğum evi, sahələr üzrə müxtəlif dispanserlər, Dövlət Dram Teatrı, Rəsm qalereyası, Tarix diyarşünaslıq muzeyi, 16 kitabxana, 3 musiqi məktbi, 6 klub və digər elm, mədəniyyət və sosial obyektlər fəaliyyət göstərir.




Baxılıb: 4020