About city

Şirvan (keçmiş Əli Bayramlı) şəhəri əvvəllər “Qırxçıraq”, “Zubovka” deyilən kiçik yaşayış sahəsinin “Papanin” adlandırılan dəmiryolu stansiyasından rayon mərkəzinə çevrilmişdir. 8 avqust 1930-cu il tarixdə Azərbaycan KP MK-si Əli Bayramlı ərazi vahidinin -  rayonun yaradılması barədə qərar qəbul etmişdir. Rayonun tərkibinə 101 yaşayış məntəqəsi, kənd, oba, qəsəbə və şəhər daxil edilmişdir. 1963-cü ildən isə Əli Bayramlı rayonu ləğv edilərək respublika tabeli şəhərə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2800 nömrəli Sərəncamına əsasən Əli Bayramlı şəhəri Şirvan şəhəri adlandırılmış, Hacıqabul, Sabirabad, Salyan rayonlarının və Şirvan şəhərinin sərhədlərinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 447 saylı sərəncamına əsasən Şirvan şəhərinin ərazisi 30 km2-dən 72,7 km2 qədər genişləndirilmişdir.

Şəhər əhalisinin sayı 01.07.2011-ci il tarixə 83,5 min nəfər (o cümlədən 4104 nəfər qaçqın və məcburi köçkün), əhalinin sıxlığı isə 1 km2 1138 nəfərdir. Əhalinin 93,7% şəhərdə, 6,3% qəsəbələrdə yaşayır. Əhalinin ümumi sayından 48,9% kişilər, 51,1% qadınlar təşkil edir. Əhalinin 99,6% azərbaycanlılardan, 0.4% digər xalqların nümayəndələrindən ibarətdir. Şirvan şəhərinin əhalisi respublika əhalisinin 0.9%-i təşkil edir. Şəhərin tərkibində Hacıqəhrəmanlı (əhalisinin sayı 2297 nəfər) və Bayramlı (əhalisinin sayı 2794 nəfər) kimi iri yaşayış qəsəbələri vardır.

Şirvan Bakı şəhərindən cənub qərbdə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir. Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolu, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan, Hacıqabul rayonları ilə həmsərhəddir. Dəniz səviyyəsindən 7m. yüksəklikdə yerləşir. Faydalı qazıntılardan neft və qaz yataqları ilə zəngindir. Yarımsəhra düzənliklərdə əsasən yovşan, yulğun və digər ağaclar bitir.

İqtisadiyyatının əsasını sənaye təşkil edir ki, onun da inkişaf etdirilməsində neft, qaz hasilatı, enerji, tikinti materialları istehsalı mühüm yer tutur.Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 89% təşkil edir. Təbii ehtiyatları - neft, qaz, qum-çınqıl yataqları vardır.

Şəhərdə 14 tam, 1 ümumi, 1 ibtidai məktəb, 5 məktəbəqədər, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Peşə Liseyi , həmçinin Özəl Türk Liseyi, Heydər Əliyev Mərkəzi, 2 Mədəniyyət evi, Mərkəzləşdirilmiş kitabxana sistemi (sistemə 15 kitabxana daxildir), Tarix Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Uşaq musiqi məktəbi, Mədəniyyət və istirahət Parkları, Kinovideo birliyi və klublar, 11 səhiyyə obyekti, 22 idman-sağlamlıq obyekti, 4 Uşaq Gənclər İdman Məktəbi, “Neftçi” İdman Sağlamlıq Mərkəzi, “Məhsul” idman cəmiyyəti, Kikboksinq idman klubu fəaliyyət göstərir. Dövlət mühafizəsinə götürülmüş Nekropol, Kür sahilindəki bağ, Yaşayış evi, Təsərrüfat binası, Məscid kimi tarix və mədəniyyət abidəsi vardır.

Şəhər barədə daha ətraflı məlumatı www.shirvan-ih.gov.az internet saytından almaq olar.




Viewed: 6627