Dövlət Komissiyasının İşçi Qrupu icraçı orqanlarla birgə profilaktik tədbirlərin əhatəsinin genişləndirilməsi və müvafiq qurumların əlaqələrini möhkəmləndirilməsi məqsədi ilə Lənkəran şəhərində seminar-müşavirə keçirmişdir.

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa  qarşı mübarizəyə  dair  2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.5 bəndinə uyğun olaraq narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiasının İşçi Qrupu aidiyyəti icraçı orqanlarla birgə 28 sentyabr 2015-ci il tarixdə Lənkəran şəhərində seminar-müşavirə keçirmişdir.

  Lənkəran şəhər Heydər Əliyev adına Mərkəzin konfrans zalında Narkomnalığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil Nazirliyinin, Respublika Narkoloji Mərkəzinin əməkdaşları, Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəisi, yerli komissiya üzvləri, din xadimləri, müəllim və metodistlər iştirak etmişlər.

  Seminarda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, şəhər komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

  Bunula yanaşı Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər (“Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri) tədbir iştirakçılarına paylanılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə bəhs edən sosial roliklər Lənkəran şəhər İcra Hakimiyyətinə təqdim edilmiş və şəhərin bütün monitorlarında işıqlandırılması nəzərdə tutulur.




Viewed: 984